İmam Zaman (ə.f.) və "dirilər"
İmam Zaman (ə.f.) və "dirilər"
Bəri başdan deyim, İmam Zaman (ə.f)-ın zühuruna inanmayanlar bu yazımı oxumasınlar.
Salam sənə, ey əziz İmam!
Salam sənə, ey narahat qəlblərin sevinci!
Arada fikirləşirəm, görəsən Həzrət mənim əməllərimdən razıdır? Ancaq sualıma cavab tapa bilirəm. Sonra özümə yenə sual verirəm. Səncə mömin qardaşının ac olmasını düşünməyəndən İmam razı qalar? Və ya təqva libası olmayandan Həzrət razı olar? Bildiyini də bilmədiyini də danışandan necə? Sui-zənn, qeybət, yalan və böhtan... Ürək sözlərimi tam yaza bilmədim, bağışlayın.
Bir dəfə bir alimdən eşitdim. Həzrət cəmiyyətdə onun yolunu gözləyən kimi tanınanların evlərinə gələr, onun əməllərinə, simasına nəzər salar. Əməli düz olmayanda, narahat halda otağı tərk edər.
Razı qaldığı möminlər isə, heç şübhəsiz, bu qardaşlar olar: yaxşı işlərdə mömin qardaşını qabağa salar, çətin işlərdə özünü verər əziyyətlərə, kasıba salam verməyi ilə varlıya salam verməyi seçilməyə, qeybət, böhtandan qorxa, yalanı heç olmaz, kasıbları və yetimləri görəndə İmamları kimi də olmasa, onun səhabələri kimi qəlbi narahat olar. Namazı, orucu. Xumsu, şübhəsiz, ixlasla olar.
Bu şəxslərə də salam olsun!
Bir rəvayəti də deyim sizə, ey əzizlər. Həzrət hər 1-ci və ya 4-cü günlər onun yolunu gözləyən kimi cəmiyyətdə tanınanların nameyi-əməlinə baxır. Yaxşı əməli gördükdə, sevinir. Pis əməllərini gördükdə isə narahat olur, hətta ağlayır və çiyinləri əsir.
Vay olsun, o kəslərə ki, Həzrət İmam Məhdini narahat edir.
Hədislərdə var. Bir nəfər İmamların birinin yanına gəlir. Deyir, “uşağım xəstədir”. İmam deyir ki, “bilin, siz narahat olanda və ağlayanda bizdə narahat olub, ağlayırıq”.
Əzizlər, bilin ki, İmam Zamanımız var. Sizin yaralarınıza, dərdininizə o da ağlayır. Müşkülünüzü bilir, narahat olur.
30 ildən sonra İran-İraq müharibəsində itkin düşənlərdən birinin cəsədinin tapılmasını yəqin ki, xatırlayırsınız. Onlardan bir neçəsinin bədəni çürüməmişdi. Bu şəhidlərdən birinin anasından soruşmuşdular ki, oğlunun əməllərindən hansını deyə bilərsən? O ana ağlayaraq demişdi: “Oğlum hər gün Ziyarəti Aşura duası oxuyardı. Gecə namazını tərk etməzdi. İmam Zaman (ə.f)-in zühurunu çox gözləyərdi”.
Bəli, məhz bu cür şəxslər barəsində Quran buyurur - “Onlara ölü deməyin”.
Söz şəhidlərdən düşmüşkən, bir məsələni də yazım. Bu yaxın günlərdə maraqlı filmlərdən birini izlədim. Şəhidlər haqqında. İki cavan, hansı ki şəhid olmuşdu və itkin sayılırdı.
Sənədli film hazırlayan bir qrup döyüşlər gedən bir yerdə iki cavan oğlanla tanış olur. Onlar bu çəkiliş qrupunun kameraları qarşısında çıxış edirlər. Bu gənclərin kamera qarşısında dedikləri isə döyüşdə olmuş şəxslərin təəssüratları kimi əks edilir. Bir müddət sonra iki nəfərin cəsədi tapılır. Kamera qarşısında özlərini təqdim edən bu cavanların adları, bu yeni tapılmış cəsədlərin üstündən tapılan sənədlərlə eyni olur. Çəkiliş qrupu isə onların sözlərini yada salaraq hər şeyi anlayır. Bu cavanların dedikləri isə bu idi: “Biz diriyik”.
Nə gözəldir, həqiqətən diri olmaq. Nə gözəldir, cənnət təravəti gələn dirilik. Birinciliyə ehtiyacı olmayan dirilik. Çünki bu diriliyin rəhbərləri və ustadları Peyğəmbər (s) və Həzrət Əlidir (ə). Çünki bu diriliyin anası Həzrəti Zəhradır (s.ə). Çünki bu diriliyin ağaları Həzrəti Həsən (ə) və Həzrəti Huseyndir (ə). Bu diriliyi gözləyənlərin məşəli isə Həzrəti Sahibəzzamandır (ə.f).
Gəlin, ey əzizlər, unutmayaq - bizim İmamımız var. Odur bizim rəhbərimiz və sahibimiz. Odur bizim sevincimiz. Odur bizim hədəfimiz. Odur bizim nicatımız. Və onun dostlarını özümüzə dost, düşmənlərini isə düşmən bilək.
Ramin Bayramov
irib.ir
Şərhi əlavə etmək