Şəban ayı
Şəban ayı istiğfar və dua ayıdır.
Bu ayda olan mühüm günlər və Şəban ayının əməlləri:
1. Hər gün aşağıdakı zikri 70 dəfə demək: «Əstəğfirullahə və əsəluhut-təubə»
2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.
3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılar.
4. Şəban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.
Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.
5. Bu ayda çoxlu salavat göndərmək
Şəban ayının ilk gecəsi
Bu gecənin namazı on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.
Şəban ayının birinci günü
Allahın Rəsulu(s) buyurub: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilir) çoxlu savabı vardır».
Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq(ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar».
Şəban ayının on beşinci gecəsi
Şəban ayının on beşinci gecəsinin bir neçə əməli vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:
1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.
2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.
3. İmam Hüseyn (ə)-ın ziyarəti:
Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.
O Həzrəti(ə) ziyarət etmək üçün dama çıxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır:
«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».
Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.
4. Zaval vaxtı oxunan salavatı oxumaq.
5. Kumeyl duasını oxumaq.
6. Aşağıdakı zikrlərin hər birini yüz dəfə demək:
«Subhənəllah», «Əlhəmdulilləh», «Əllahu əkbər», «Lə iləhə illəllah».7. Cəfər Təyyarın namazını qılmaq.
Cənab Cəfər Təyyarın(ə) namazı çox fəzilətli namazlardan biridir. Bu namaz günahların (müharibə və cihaddan fərarilik kimi) bağışlanması və mühüm bir hacətin yerinə yetməsi üçün qılınar. Bu namazı Peyğəmbər(s) Cəfər Təyyara(ə) öyrətmişdir.
«Cəfər Təyyar» namazının qılınma qaydası:
Bu namaz 4 rəkətdir (2 dənə 2 rəkət), onun 1-ci rəkətində Həmddən sonra «Zəlzələ» surəsi, 2-ci rəkətində Həmddən sonra «Adiyat» surəsi, 3-ci rəkətində Həmddən sonra «Nəsr» surəsi, 4-cü rəkətində isə Həmddən sonra «İxlas» surəsi deyilir. Həmçinin, aşağıdakı zikr (təsbihati-ərbəə) 15 dəfə hər rəkətin qiraətindən sonra, 10 dəfə rukuda, 10 dəfə rukudan sonra, 10 dəfə 1-ci səcdədə, 10 dəfə 1-ci səcdədən sonra, 10 dəfə 2-ci səcdədə, 10 dəfə 2-ci səcdədən sonra deyilməlidir (Bu təsbihat cəmi 300 dəfədir və hər 4 rəkətdə deyilməlidir). Bu namazın cümə günündə qılınmasının çox fəzilətli olması nəql olunmuşdur.
Qeyd: Şəban ayının 15-ci gecəsində qeyd olunanlardan əlavə bir sıra dualar da vardır. Daha geniş məlumat üçün «Məfatihul-Cinan» kitabına müraciət edə bilərsiniz.
Şəban ayının on beşinci günü
Bu gün on ikinci imamın, mövlamız Həzrət Höccət Sahibəz-Zamanın (ə.f) mövlud günüdür.
O Həzrəti (ə.f) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. O Həzrəti(ə.f) Samirra şəhərində, sərdabədə ziyarət etmək təkid olunmuş müstəhəb əməllərdəndir.
Allah Təbarək və Təala ibadətlərinizi qəbul etsin.
Şərhi əlavə etmək