XAHIŞ EDIR KI, “CƏMKƏRAN” MƏSCIDI VƏ ONUN INŞASI ILƏ ƏLAQƏDAR IZAH VERƏSINIZ?

XAHIŞ EDIR KI, “CƏMKƏRAN” MƏSCIDI VƏ ONUN INŞASI ILƏ ƏLAQƏDAR IZAH VERƏSINIZ?

Sual

Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.

Qısa cavab

İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaiminə aşiq olanların və müntəzirlərin görüş yeridir.

Mərhum Mirzə Hüseyn Nuri “Cəmkəran” məscidinin təsis və inşa tarixçəsi ilə əlaqədar Şeyx Səduqun müasiri olan Şeyx Fazil Həsən ibni Həsən Qumminin dilindən “Tarixi Qum” kitabından[1] (“Munisul-həzin fi mərifətil-həqq vəl-yəqin” kitabından nərlən)[2] belə nəql etmişdir:[3]

Saleh Şeyx Həsən ibni Müslə Cəmkərani deyir: Mən 393-cü hicri ilinin mübarək Ramazan ayının 17-də tək günü evdə yatmışdım. Birdən bir dəstə adam evimin qapısına gəlib məni yuxudan oyatdılar və dedilər: “Ayağa qalx və imam Zaman (əleyhis-salam)-ın istəyinə cavab ver! O səni çağırır.” Onlar məni hazırkı “Cəmkəran” məscidinin yerləşdiyi məkana gətirdilər. Həzrət Məhdi (əccələllahu təala fərəcəhuş-şərif) məni öz adımla çağırıb buyurdu: “Get, Həsən ibni Müslimə de ki, bu yer şərafətli bir yerdir, Allah-taala bu yeri digər yerlər arasından seçmiş və ona şərafət bağışlamışdır, (amma) sən onu götürüb öz yerinə qatmışsan ... (Sonra buyurdu:) Camaata de ki, bu məkana rəğbət bəsləsinlər və onu əziz saysınlar.”[4]

Mərhum ayətullah əl-uzma Mər’əşi Nəcəfi də “Cəmkəran” məscidinin müqəddəs bir məkan olmasını təsdiqləyərək buyurmuşdur: “Bu şərafətli məscid üstündən təqribən 1202 il keçdiyi qeybəti-suğradan indiki dövrə qədər bütün şiələr tərəfindən ehtirama layiq görülür. Böyük şeyximiz mərhum Səduq “Munisul-həzin” adlı bir kitab da yazmışdır. Mən onun nüsxəsini görməmişəm, lakin ustadım mərhum Hacı Mirzə Hüseyn Nuri o kitabdan nəql etmişdir. Bir sözlə, müqəddəs “Cəmkəran” məscidi böyük İslam alimləri və mühəddisləri tərəfindən ehtirama layiq görülmüş, ondan çoxlu kəramətlər müşahidə olunmuşdur.”[5]

Amma bu məscidin inşa səbəblərinə gəldikdə isə, qeyd etmək lazımdır ki:

Əvvəla:

İslam mədəniyyətində məscidin özünəməxsus mövqeyi vardır. İslamın mənəvi və tövhid qərargahı ünvanı ilə məscidə verdiyi əhəmiyyət və etibar heç bir başqa qurumlara verilməmişdir. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdən sonra ilk və mühüm tədbiri məscid tikmək idi. Müqəddəs Qum şəhərinin dünya səviyyəli mövqeyinə, dini-strateji əhəmiyyətinə diqqət yetirməklə, eləcə də rəvayətlərdə ona dair edilən ciddi tövsiyələrə nəzər yetirməklə, imam Zaman (əleyhis-salam)-ın bu əzəmətli-mənəvi qərargahı təsis etməkdə əsas məqsədi qeybəti-kubra dövründə o həzrətin intizarını çəkən möminlərə ruh yüksəkliyi vermək olmuşdur. Bu inayətlər imamların (əleyhimus-salam) müqəddəs Qum şəhərinin şiə dünyasının ilk böyük qərargahı ünvanı ilə təkid etdiklərinə və onların diqqət mərkəzində olduğuna bir əsasdır.

İkincisi:

“Cəmkəran” məscidi buna görə təsis olmuşdur ki, imam Zaman (əleyhis-salam)-ın inayət və kəramətlərinin cilvəgahı, Ali-Muhəmməd (səlləllahu əleyhi və alih)-in Qaimini sevənlər və onun müntəzirlərinin görüş yeri olsun. Bu görüş fitnələrlə dolu olan qeybət dövründə baş verir. Belə ki, insanlar bu nurani məkana müraciət və o həzrətin kəramət və inayətlərini müşahidə etməklə imanlarını gücləndirsinlər, cin və insanlardan olan şeytanların hiylələrindən, düşmənlərin dini sahələrdə icad etdiyi şəkk-şübhələrdən amanda qalsınlar.

Üçüncüsü:

Bu məscidin inşa dəlillərindən bir kimi bu məsələyə işarə etmək olar ki, insanlar bu məscidin xeyir-bərəkətlərindən bəhrələnsinlər, özlərini imam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-in hüzurunda görsünlər, qəlblərində olan dərdlərini o həzrətə təqdim etsinlər və bəşəriyyət aləminin yeganə xilaskarların zühuru üçün dua etsinlər.

Ümumiyyətlə, əhalisinin hamısı şiə olan bir cəmiyyətdə, eləcə də əsil “Məhdilik təfəkkürü”nün tənzim olunması, intizar ruhunun gücləndirilməsi, zühur hərəkatı ilə əlaqədar müxtəlif din və məzhəblərin dünya görüşlərinin sahmana salınması və nəhayət bəşəriyyətin xilaskarı və ilahi şəxsiyyətinin müxtəlif yönlərinin tanımasında müqəddəs “Cəmkəran” məscidi kimi böyük bir mərkəzin varlığının zərurəti inkar olunmur.

 


[1] Bu kitab Mirzə Hüseyn Nurinin (r) kitablarındandır.

[2] Bu, Şeyx Səduqun kitabıdır.

[3] Mirzə Hüseyn Təbəri Nuri, “Nəcmus-saqib”, 9-cu cild, səh. 5

[4] “Cəmkəran” məscidinin inşası ilə əlaqədar ətraflı məlumat üçün “Nəcmus-saqib”, səh. 383-392 və “Cəmkəran” məscidinin xüsusi saytına müraciət edə bilərsiniz.

[5] Yenə orada, səh. 46

 

 

Şərhi əlavə etmək