İMAM HÜSEYNIN QƏBRINI ZIYARƏT ETMƏYIN FAYDASI NƏDIR?

İMAM HÜSEYNIN QƏBRINI ZIYARƏT ETMƏYIN FAYDASI NƏDIR?

Sual:

İmam Hüseynin qəbrini ziyarət etməyin faydası nədir?

Cavab:

Həzrət İmam Hüseynin (ə) qəbrini ziyarət etməyin özünə məxsus fəlsəfəsi vardır. Onlardan bir neçəsinə işarə edirik:

1-         Bildiyimiz kimi Əhli- beytə (ə) olan sevgi və məhəbbət Qurani- kərimdə vacib sayılmışdır.[1] Bundan əlavə əziz Peyğəmbərimiz (s) "Hər kəs Hüseyni (ə) sevsə məni sevmiş olur, məni sevən isə Allahı sevmiş olur".[2] Və buna oxşar buyurduqları bizə onun sevgisini vacib edir. Bizi onun ziyarətinə aparan yol, eşqin yolu və İmam Hüseynə (ə) bəslədiyimiz ülvi məhəbbətdir.

  1. Allah dostlarını unutmamaq, İlahi şüarlarını daim yaşatmaq hər bir müsəlmanın borcudur. Necə ki, Qurani- kərim buyurur: "Hər kəs İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin və onun qəlbinin təqvasından xəbər verir".[3]

İmam Hüseynin (ə) qəbri də, Allah yolunda fədakarlıq, şəhadət və izzət simvolu olaraq, müsəlmanların ziyarətgahına çevrilmişdir.

  1. Müsəlmanlar Allah yolunda şəhid olmuş, din uğrunda özünü qurban vermiş İmam Hüseynin (ə) ziyarətinə gedərək onu Allaha vasitə qərar verir, dua və istəklərinin qəbul edilməsində yardım etməsini diləyirlər.

Bu günə kimi, müqəddəs Kərbəlada minlərlə insan şəfa tapmış və neçə- neçə çətinliklərlə üzləşmiş şəxslərin müşkilləri həll olmuşdur. Belə ki, Qurani- kərim də duanın tezliklə qəbul olunması üçün Allah yanında məxsus hörməti olan şəxsləri, vasitə etməyi məsləhət görmüşdür. Necə ki, Maidə surəsi, 35- ci ayədə buyrulur: "Allaha yaxınlaşmaq üçün vasitə axtarın".

4- İmam Hüseynin (ə) qəbrini ziyarət edərkən qəlbimiz kövrəlir, səmavi hisslərlə dolur və etdiyimiz bir çox pis əməllərimizə görə peşman oluruq. Allahın sevimli dostlarının ziyarətinə gəldiyimizi düşündükdə, bu müqəddəs yerin paklığı bizi düşünməyə və tövbə etməyə vadar edərək, sanki çirkinliklərdən yuyub təmizləyir.

Xoş duyğular, səmavi hisslər insana hakim kəsilir. Müqəddəs məkanın səfa dolu ab- havası bizi mərhəmətli, xeyirxah olmağa çağırır. Belə ki, Kərbəla ziyarətinə gedib bəd əməllərinə, keçmiş səhvlərinə utanıb, tövbə etməyən bir müsəlman tapmaq çox çətindir. Həzrət İmam Hüseyn (ə) kimi dəyərli şəxsiyyətin məzarını ziyarət etdiyimiz üçün daim öz əməllərimizə fikir verməyə, ona layiq hərəkətlər etməyə çalışırıq. Başqa sözlə desək, Kərbəla ziyarəti həyatımızda Allaha dönüş nöqtəsi olaraq "hidayət edici" rolunu oynayır.

Bir an təsəvvür edin ki, düzgün hərəkət etmədiyimiz zaman bizə, "sən Kərbəlayisən, bu sənə yaraşmaz!"- deyə müraciət olunur. Biz isə əməlimiz barəsində düşünür çox vaxt nöqsanlarımızı anlayır, ən azı bir anda olsa inadı buraxaraq işimizin doğru olub- olmadığı barədə tərəddüd edirik.

Misirli sünni alim Abbas Mahmud Əqqad bu barədə yazır: "Kərbəla müsəlmanlar üçün ibrət və qayıdış (tövbə) məkanı, qeyri- müsəlmanlar üçün isə adi səyahət yeridir. Amma əsl həqiqətdə belə müqəddəs torpaq mənəviyyatdan azca anlayışı olan hər insan övladının ziyarətgahına və onunla bərabər tövbə məkanına çevrilməlidir".[4]

 

 




[1] - Şura surəsi, ayə 23.

[2] - "Möcəmül- kəbir", cild 22, səh 274; "Kənzül- ümmal", cild 13, səh 662.

[3] - Şüəra surəsi, ayə 23.

[4] - Mahmud Əqqad, "Əbüş- şəhid", səh 144.

Şərhi əlavə etmək