İMAMIN MƏKKƏYƏ TƏRƏF HƏRƏKƏT ETMƏSI
İMAMIN MƏKKƏYƏ TƏRƏF HƏRƏKƏT ETMƏSI
Sual:
Nə üçün imam (ə) hərəkətin başlanğıcında Mədinədən Məkkəyə getdi?
Cavab:
İmam Hüseynin (ə) Mədinədən çıxmasının əsas səbəblərindən biri də, Yezidin Mədinənin hakimi, Vəlid ibni Ütbəyə yazdığı məktub olmuşdur. Yezid məktubunda Vəliddən ona beyət etməyən şəxslərdən məcburi surətdə beyət almasını tələb etmişdi. Təbii ki, beyət etməyənlərdən biri də İmam Hüseyn (ə) idi. İmam da öz növbəsində yaxşı bilirdi ki, Vəlid beyət almazsa, onu rahat buraxmayacaq.[1]
Düzdür ki, Vəlid İmamın qanını tökməkdən qorxurdu və bu işin nəticəsini bilirdi.[2] Amma Bəni- Üməyyə və xüsusən də Mərvan Vəlidi bu işə məcbur edirdi. Yezid "Vəlidə" müxalif şəxslərdən beyət al" əmrini verdikdə Mərvan belə deyir: "Mənim nəzərim budur ki, bu saat onların beyət etməsi üçün adam göndər. Əgər beyət etməsələr başlarını kəs. Çünki, onlar Müaviyənin ölümündən xəbərdar olsalar, bizim işimiz olduqca çətin olacaq. Onların hərəsi bir tərəfə gedərək müsəlmanları öz ətraflarına toplayaraq qiyama qalxacaqlar."[3]
Bu səbəbdən İmam Mədinəni tərk etmək qərarına gəlir. İmam (ə) yaxşı bilirdi ki, bir müddət sonra Mədinə şəhəri ona və peyğəmbər (s) ailəsi üçün olduqca xətərli olacaq. Odur ki, bütün ailəsi və səhabələri ilə birlikdə Mədinə şəhərini tərk edir. İmam Hüseyn (ə) Mədinəni tərk edərkən, Musanın (ə) Misri tərk edərkən oxuduğu ayəni oxuyur.
Çünki İmam özünü Mədinədə asudə hiss etmirdi.[4]
«فَخَرَجَ مِنْهَا خَائِفاً يَتَرَقَّبُ قَالَ رَبِّ نَجِّنِى مِنَ الْقَوْمِ الظَّالِمِينَ»
(Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver»!.[5]
Musa düşməndən qorxu və intizar içində Misirdən Mədyənə tərəf çıxıb: Pərvərdigara mənə bu zalım tayfanın əlindən nicat ver! Dedi:
İmam Hüseyn (ə) Məkkəyə getmək qərarına gələn zaman heç bir tayfanın və şəhərlərin Müaviyənin ölümündən xəbəri yox idi. Hətta İmama (ə) beyət və dəvət məktublarıda gəlməmişdi. Bu səbəbdən də heç bir şəhərdə hakimiyyətə qarşı etiraz səsləri baş qaldırmamışdı.
İmam (ə) belə bir şəhər seçməli idi ki, orada tam asudə surətdə öz layihələrini həyata keçirməli və öz fikirlərindən müsəlmanları agah etməli idi.
İmam Hüseynin (ə) Məkkə şəhərini seçməkdə əsas hədəfi, Məkkənin iki cəhətdən onun üçün əlverişli olması idi. Birinci Məkkənin əmin olması
«وَمَن دَخَلَهُ كَانَ آمِناً»
«Kim ora daxil olsa amandadır (amanda olmalıdır)» .[6]
(Hər kəs ora daxil olsa amanda olacaqdır) və bütün müsəlmanların orada cəmləşməsi idi. Çünki, bütün müsəlman şəhərlərindən Məkkəyə həcc və ömrə ziyarətinə gələnlər olurdu. İmam (ə) bu vasitə ilə həm müsəlmanların hazırkı vəziyyətindən xəbər tutur və həm də onlara Yezidlə müxalif olduğunu çatdırırdı. İmam (ə) bu yolla demək olar ki, yaxın şəhərlərdən xəbərdar olurdu. (Bəsrə və Kufə kimi).
Bu minvalla İmam Hüseyn (ə) hicrətin 60- cı ili, cümə axşamı şaban ayının üçü Məkkə şəhərinə daxil olur və həmin ilin axırı, yəni zil- həccə ayının səkkizi oranı tərk edir.[7]
[1] - Vəqə- əl lütf, səh 75.
[2] - İbni Ətəm, əl- futuh, cild 5, səh 12, vəqə- əl lütf/981
[3] - Vəqə- əl lütf, səh 77.
[4] - Vəqə- əl lütf, səh 85- 86.
[5] - Qəsəs surəsi, 21- ci ayə
[6] - Ali İmran surəsi ayə 97
[7] - Vəqə- əl lütf, səh 103- 107
Şərhi əlavə etmək