Sankt-Peterburq terroru və müsəlmanlar
Dünən Sankt-Peterburq metrosunda törədilən terror aktı barədə xəbər vermişdik. Ortaya çıxan ilk sual isə, əlbəttə ki, təşkilatçılarla bağlıdır. Hadisədən dərhal sonra KİV-də ilk şübhəli şəxsin aşağıda təqdim olunan fotosu yayıldı.
Onun şübhəli bilinməsinə başlıca səbəb isə xarici görünüşündən müsəlmana bənzəməsi idi. Amma o, özü polisə təslim olaraq bu hadisələrdə əli olmadığını bildirib.
Maraqlıdır ki, hadisədən cəmi bir neçə dəqiqə ötmüş sosial şəbəkələrin rus seqmentində aparılan müzakirələr zamanı böyük əksəriyyət bir fikirdə yekdil idi: bu vəhşiliyin arxasında müsəlmanlar dayanıb. Ara-sıra bəzi müsəlman istifadəçilərin etiraz etmək cəhdləri isə dərhal İŞİD, vəhhabi və sair faktlarla susdurulurdu. İlk şübhəlinin məhz müsəlman olması da göstərdi ki, əslində Rusiya kimi qüdrətli dövlətin hüquq-mühafizə orqanlarının düşüncə tərzi də sıravı vətəndaşların mülahizələrindən kardinal şəkildə fərqlənmir.
Bu hadisələr, nə qədər acınacaqlı olsa da, bir reallığı etiraf etməyə vadar edir: bu gün İslam və müsəlmanlar dünyanın əksər sakinləri tərəfindən terrorçu, zorakılğa meyilli ünsürlər kimi qəbul edilir. Müsəlmanlardan qorxurlar, çəkinirlər, onlardan uzaq olmağa çalışırlar. Onların artmasının, yayılmasının, çoxalmasının qarşısını almağa çalışırlar. Hətta bu hal, müsəlmanlar ölkələrinin özündə də müşahidə olunmağa başlayıb."İslam bu deyil" mövzusunda min moizə, min fləş-mob bir Sankt-Peterburq terroru qədər beyinlərə təsirli ola bilməz. Və bütün bunları bizə "qazandıran" məhz İŞİD və onun kimi düşünənlər, yaşayanlar oldu. Budur İslama radikal düşüncəli cərəyanın ardıcıllarının “xidmətləri”...
Allah aqibətimizi xeyirli eləsin!
Şərhi əlavə etmək