ABŞ Səudiyyə Ərəbistanına 5.4 milyard dollarlıq "Patriot" raketlərinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 5.4 milyard dollar məbləğində "Patriot RAS-3" idarəolunan zenit-raket sisteminin satışını özündə ehtiva edən sazişi təsdiqləyib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, Dövlət Departamentindən bildirilib ki, saziş ABŞ-ın Yaxın Şərqdə başlıca tərəfdaşı olan Səudiyyə Ərəbistanının müdafiəqabiliyyətliliyinin yaxşılaşdırılmasına yardımçı olacaq.
Saziş Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi olan İrana qarşı sanksiyaların tədricən aradan qaldırılması barədə anlaşmaya nail olunduqdan sonra təsdiqlənib.
ABŞ Dövlət Departamenti, bundan başqa, qiyamçı husilərə qarşı Yəməndə əməliyyatı davam etdirən Səudiyyə Ərəbistanına 500 milyon dollar məbləğində sursat satışını da təsdiqləyib.
"IHS Jane`s"in araşdırmalarına əsasən, Səudiyyə Ərəbistanı 2014-cü ildə Hindistanı keçərək, dünyada ən böyük silah idxalçısı olub.
Şərhi əlavə etmək