Səhər iş, axşam yuxu. Ben Ten qaqaş, bizim uşaqlarımıza əlbət ki, savad aşılamır, tərbiyə aşılamır. Aşılayır ki, qır, dağıt, atıl, düş, qəzəblə bax, şimşək kimi çax!
Görürsünüzmü, uşaq o çantanı necə sevir? Kiçikdir, içinə əşyalarını yığır, hər gün bağçaya aparır, orada səliqə ilə şkafa qoyur...
O, kiçik çantanı sevir, avtomatik şəkildə onun üstündəkini də sevir. Bəli, bəli, camaat bizi kimi düşüncəsiz deyil ey, onlar bilirlər nə edirlər. Onlarda dolayı təlim-təbliğ üzərində illərdir işləyirlər. Sən tutaq ki, o çantanı onun əlindən aldın, özünə nifrət qazanacaqsan, ütündəkini cırdın, çantanı pis günə qoyacaqsan, almadın, gözü onda-bunda qalacaq. Birinin əlindən bir pis şeyi alırsansa, onun əvəzləyicisini verməlisən, özü də ya onu kimi, ya da ondan yaxşısını!
O çantanın üstündə Mübariz İbrahimov ola bilərdi? Fərid Əhmədov ola bilərdi? Digər xalq qəhrəmanları ola bilərdi? Ermənilərin öldürdüyü bir uşaq da ola bilərdi! Bəs niyə olmur? Hanı bizim milli qeyrətimiz? Danışanda ağzımıza çullu dovşan sığmır. Haçana kimi biz məsrəfçi-istehlakçı olacağıq? Haçana kimi bizim öz “milli saqqızımız” olmayacaq, elə hey, onun-bunun “saqqız”ını “çeynəyəcəyik?”
Millətin uşağının gələcəyini məhv edən ideologiyaların yayılması milli təhlükə deyilmi? Bizdə bu kimi məsələlər üzərində araşdırma aparan orqanlar varmı? Yoxdursa, niyə yoxdur? Mən hələ gəlinciklərdən danışmıram, məktəb dəftərlərinin üzlüyündən danışmıram, gündəliklərin içinə yerləşdirilən reklam vərəqlərindən danışmıram, uşaqların “donalds”lara aparılmağından danışmıram, kanallarda göstərilən cizgi filmlərindən danışmıram, uşaq jurnallarında alkoqolizmin təbliğindən, intim münasibətlərin aşılanmasından danışmıram, məktəb kitabxanalarında aidiyyatlı qurumların icazəsi ilə nəşr olunmuş “azyaşlı və ibtidai sinif uşaqları üçün” tövsiyə olunan nağıllardakı bərbad vəziyyətdən danışmıram… Hələ mən, canım sənə desin, “gangnam style” oyuncaqlarından danışmıram. Hələ canım yenə sənə desin, o “qan-qan gədəsi”nin oxuduğunun mənasını da burada yazmıram. Ancaq yazmaya, danışmaya bilmirəm! Qəlbim xalqıma və onun gələcəyinə yanır…
Dilman Şahmərdanlı
yazıçı-tərcüməçi
Şərhi əlavə etmək