Düşündürücü fakt: radikal qruplar arasında ali təhsillilərə az rast gəlmək olar
Bu gün mətbuatda Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin İŞİD-lə bağlı maraqlı açıqlaması gedib: “Öz vətəni dura-dura, Azərbaycan qala-qala bəzi insanlar gedib orda vuruşurlar.
Ölənlər də var. Özlərini şəhid adlandırırlar. Onlar şəhid deyil. O insanlar bilsinlər ki, bizim burda, işğal altında Qarabağ torpağımız var.
Allah yaradan məxluqu öldürmək Allaha qarşı getmək deməkdir. Allaha üsyan eləməkdir. Aldadırlar sizi, səhv yola aparırlar. Bu yoldan tez tövbə edin və geri qayıdın.”
Qeyd edək ki, son zamanlar QMİ sədri mətbuatda çıxışının əsas hissəsini demək olar ki, bu mövzuya ayırır. Analitiklərə isə maraqlıdır ki, bu səpkidə çıxışların müsbət təsiri varmı?! Axı bu sözlər vaxtında, Suriya hadisələri başlayanda deyilməli idi. İndi gedən gedib, ölən ölüb, döyüşən də ki döyüşür.
Lakin bir həqiqət də danılmazdır ki, bu məsələdə təkcə QMİ, DQDK və bir sıra digər müvafiq orqanlar iş görməməlidir. İctimaiyyət özü də bu məsələdə xüsusi aktivlik göstərməli, maariflənməyə sürətlə keçid etməlidir. Araşdırmalara görə, bu məsələdə ən çox məsuliyyət valideynlərin üzərindədir. Onlar övladlarının təhsilinə xüsusi fikir verməlidir. Çünki aparılan müşahidələrə görə təkfirçi-terrorçular sırasında nadir hallarda ali təhsilli gənclərə rast gəlmək olar. Bu onu göstərir ki, gənclərin radikal qruplara qoşulmaması üçün ən qabaqlayıcı tədbir valideynlərin övladları ilə şəxsən maraqlanmaları, onların savadlı olmaları üçün daha da dərindən çalışmalarıdır.
H.V
Şərhi əlavə etmək