Ayətullah Sistani Nəhcül Bəlağədən danışdı
Ayətullah Sistani Nəhcül Bəlağədən danışdı
"Müsəlman rəhbərlər İmam Əlini (ə) özlərinə nümunə bilməlidirlər!"
"Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, İslam dünyasının tanınmış təqlid mərcələrindən olan Ayətullah əl-uzma Seyid Əli Sistani Nəhcül Bəlağə kitabı barədə verilən sualın cavabında aşağıdakıları qeyd edib:
"Bu kitabda yer alan Hz Əlinin (ə) sözləri, Allah və Rəsulunun (s) kəlamından sonra söylənilən kəlamların ən yüksək zirvəsidir. Çünki bu kitabda varlıq aləmi üzərində fitrətində qəbul etdiyi təfəkkür və düşünmə üsulu bəyan edilib. İslam dininin əsas prinsip və bilgiləri ilə bəşərin həyat tərzinə dair hikmətlər və sünnələr də açıqlanmışdır.
Həmçinin, nəfsi təmizləmə və tərbiyə yolları, şəri qanunların hədəfləri və bunlarla bağlı hökmlər, Allaha həmd-səna, münacat və bir çox məsələlər, o cümlədən hökumətin idarə edilmə qaydaları və kriteriyaları da bu dəyərli kitabda bəyan edilib.
Bu dəyərli kitab islam tarixinin həqiqi aynasıdır. Xüsusən Məhəmməd peyğəmbərdən (s) sonra baş verən hadisələr, İmam Əlinin (ə) xilafəti dövründə baş verən hadisələr və İmamın (ə) bu hadisələr qarşısında nümunəvi davranışlarına dair gözəl məlumatlar var.
Bütün müsəlmanların bu kitabdan öz dini işlərində, nəfslərini təmizləmə prosesində faydalanmaları aşkardır. Hər kəsə, xüsusən gənclərə tövsiyə edirəm ki, bu kitabı oxumaqda və təfəkkür etməkdə xüsusi diqqət göstərsinlər. Bir bölümünü əzbərləsinlər. İmam Əliyə (ə) sevgi bəsləyib, "kaş ki, onun zamanında yaşasaydım, nəsihətlərini eşitsəydim, hidayətindən bəhrələnsəydim və onun yolunda hərəkət etsəydim" deyənlərə arzularını reallaşdırma fürsəti verir.
İmam Əli (ə) Cəməl döyüşündə belə buyurur: "Bu döyüşdə elə şəxslər mənim yanımda vardır ki, hələ atalarının belində və analarının rəhmində deyillər."
İmamın (ə) məqsədi o kəslərdir ki, İmamın (ə) yolunda və hüzurunda olmaq arzularında səmimidilər. Bu kəslər qiyamət günü hər qövm öz rəhbərləri ilə məhşur olduqları zaman, Allahın vəli qulları ilə məhşur olacaqlar. Onlar İmam Əlinin (ə) haqq təlimləri mövzusunda ən kiçik tərəddüdə düşməyiblər, ən kiçik bəhanə gətirməyiblər, bağlılıqlarını əməlləri ilə təsdiqləyiblər.
Müsəlman rəhbərlər İmam Əlinin (ə) onlar haqqında göstərdiyi vəzifə və məsuliyyətləri yerinə yetirməlidirlər. Davranış və hərəkətlərində Həzrəti (ə) addım-addım izləməlidirlər! Özlərini İmam Əlinin (ə) təyin etdiyi valilər və təmsilçilər kimi görməlidirlər!
Uca Allahdan əlimizdən tutmasını və bizi hidayət yolunda sabitqədəm etməsini, nəfsani arzulardan uzaqlaşdırmasını istəyirik. Çünki müvəffəqiyyət və qələbə Allahın əlindədir."
islamazeri.az
Şərhi əlavə etmək