Yazılmamış təhsil qanunu - irticanın təzahürü
Yazılmamış təhsil qanunu - irticanın təzahürü
Bəzən mən, Azərbaycanın kommunizmindən xilas olduğuma şübhə edirəm. Görəsən niyə əcaba?! Ölkəmizdə baş verən proseslərin təsirindən ola bilərmi?! Bəli, bu təbii hal kimi qarşılanmalıdır. Hətta mən tam əminliklə deyə bilərəm ki, biz hələ kommunizmdən xilas olmamışıq. Əsasını ateizmin təşkil etdiyi kommunizmin bu gün də bir dövlətin demokratikliyinə mənfi təsir etməsi o deməkdir ki, həmin ölkədə kommunizm hələ də yaşayır. Bu gün ölkədə at oynadan özbaşına məmurların demək olar ki, hamısı ömürlərinin azı 30-40 ilini ateist sovet rejimində yaşayıb. Həmin dövrlərdə kommunizm ideologiyası onların beyinlərinə elə yeridilib ki ... Necə deyərlər, “qozbeli qəbir düzəldər.”
Məsələn, Misır müəllim. Xalis sovet yetirməsidir. Bəh-bəh. Onun bir dənə idarəsi də var - Təhsil Nazirliyi. Amma bilmirəm, camat bu idarədən nədənsə olduqca çox narazılıq edir. Təhsilimizdəki problemlər o qədər çoxdur ki, onları alt-alta düzüb bir-bir danışsaq buna bir xeyli vaxt lazımdır.
Keçən günlərdə isə mən daha bir narazılığın şahidi oldum. Bu dəfə hicablı şagirdlər, yaxınları və onların problemini öz problemi kimi bilən vətəndaşlar narazılıq əlaməti olaraq etiraz edirdilər. Əslində müxtəlif səpkilərdə olan bu etirazların 5 aya yaxındır ki, şahidiyik. Niyə?! Çünki təəssüflər olsun ki, XXI əsrdə yaşamağımıza baxmayaraq bizim ölkədə hələ də insanları geyimlərinə görə siniflərə ayırır, hətta ən təməl haqlarından biri olan təhsil almaq haqqından məhrum edirlər. Mən bu günədək təhsilimizdə heç bir problemə belə ciddi etiraz görmədim. Deməli məsələ həqiqətən çox ciddidir və bu problem digərlərindən daha çox narahatçılıq doğurur, deməli hal-hazırda təhsilimizdə bir nömrəli problem hicablı şagirdlərin məktəblərə buraxılmaması problemidir.
Hicablı şagirdlərin məktəblərə buraxılmamasına etiraz aksiyasından sonra, təhsillərində belə bir problemin olub-olmadığını bilmək üçün dünyanın ən qabaqcıl ölkələrinin təhsil müəssisələri ilə əlaqədar kiçik bir araşdırma apardım. Araşdırmalarımın nəticəsi həmin ölkələrin əksəriyyətinin dünyəvi sistemə bağlılıqlarına baxmayaraq, təhsillərində belə bir problemin olmadığını göstərdi. Hətta bir Kanada universitetində az qala məni yanlış anlamışdılar və mənim onlara “geridəqalmış” demək istədiyimi düşünəcəkdilər. Amma sonra məsələ onlara da agah oldu və “Biz hansı dövrdə yaşayırıq? Bu qədər də gerifikirlilik olar? İnsanları geyiminə görə ayrıseçkiliyə məruz qoymaq?” deyə suallar verdilər. Bununla yanaşı tələbə yoldaşlarım və digər universitetlərin tələbələri arasında sorğu keçirdim. Onların əksəriyyətinin ümumiləşdirilmiş fikri isə belə oldu: “Şagird qızlarımız bu dövlətin vətəndaşı olduqlarına görə “təhsil haqqında qanun”da qeyd olunan məktəbli formasına riayət etməlidirlər. Lakin Konstitusiyamızdakı vicdan azadlığı haqqındakı müddəalar, eləcə də dövlətimizin dünyəvi, demokratik və hüquqi olması onu göstərir ki, hicabın bağlanması məktəbli formasına zidd deyil. Hər bir qız şagirdin məktəbli formasını geyinməklə bərabər başını bağlayıb-bağlamamaqda sərbəst olmalıdır. Şagirdin başa və ayağa geydikləri öz ixtiyarında olmalıdır.” Normal ağıla və məntiqə əsaslanan cavablardır, elə deyilmi?!
Maraqlıdır, yazılmamış qanunlara əsaslanaraq qoyulan bu qadağanı təqdir edən məmurlar və “ziyalılar” əsasən bir söz deyirlər: “Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi?” Doğrudan da maraqlıdır, elə deyilmi?! Ay məmurlar, ay “ziyalı”lar! Bəs siz nə danışdığınızı heç düşünürsünüz?! Bəs, Azərbaycan qadınına məcburən mini yubka geyindirmək istəyənlər heç onların fikrini soruşurlar, mövqeyi öyrənilir? Başqa bəhanələr gətirin, amma heç olmasa bu sualı verərək özünüzü gülünc vəziyyətə salmayın!
Mən bir azərbaycanlı olaraq, dövlət bayrağımızdakı rəng və rəsmlərin ifadə etdiyi mənalara, yəni türkçülüyə, müasirliyə və müsəlmanlığa sadiqəm, eləcə də tam şəkildə dövlətimizin tolerantlıq siyasətini dəstəkləyirəm. Düşünürəm ki, bu qərar dövlətimizin tolerantlıq siyasətinə də ziddir.
Bəzi məmurlarımızın və “ziyalı”larımızın örpəyə gerilik deməsi bizim siyasi, diplomatik, mədəni, ədəbi tariximizdə əvəzedilməz rolu olan örpəkli xanımlarımıza hörmətsizlikdir. Çünki Sara xatun, Xurşidbanu Natəvan və bir çox bu kimi xanımlar vətənə, xalqa xidmət etməklə bərabər örpəklərini də qoruyublar. Belə xanımlarımız indi də var, elə bu yaxınlarda şəhid olan Milli Qəhrəman Seyyid Mübarizin anası kimi. Və bundan sonra da olacaq.
Sonda isə onu demək istəyirəm ki, ey, Azərbaycanı bir xəstə kimi cərrahiyə masasına yatırıb implantasiya etmək istəyənlər, genetikasını dəyismək istəyənlər!
Bilin, vallah alınmayacaq!!!
Munir Sadiq
irib.ir
Şərhi əlavə etmək