ci hissə Hud surəsi ayə 9-12
ci hissə Hud surəsi ayə 9-12
9.وَلَئِنْ أَذَقْنَا الإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ
“Əgər insana Öz tərəfimizdən bir nemət daddırsaq, sonra onu geri alsaq, şübhəsiz, o, ümidsiz və naşükür olacaq.” (11:9)
Nemətin verilməsi məhəbbət, geri alınması qəzəb kimi başa düşülməməlidir. Bütün bunlar sadəcə ilahi sınaq ola bilər.
İnsan ilahi hikmət və məsləhətdən xəbərsiz olduğundan, tələsik mühakimə yürüdən və məyus olub küfrə uğrayandır.
İnsan nemətlərdən yalnız dadmaq həddində faydalana bilir. İlahi nemətlər bizim haqqımız yox, Allahın fəzl və
rəhmətidir. İnsanın bəhrələnməsi uzun çəkdikdə qürrələnməməlidir. Həm vermək, həm də geri almaq Allahın əlindədir.
İnsanı rəhmətdən məhrum etmək Allaha ağır gəlir. İnsanın tutumu azdır. O, nemətləri əldən verdikdə məyus olur.
Dünya şirinlikləri Allaha olan imanımıza təsir etməməlidir. İlahi rəhmətdən ümidsizlik küfr və naşükürlüyün
müqəddiməsidir.
10.وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاء بَعْدَ ضَرَّاء مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي إِنَّهُ لَفَرِحٌ فَخُورٌ
“İnsana çətinlik və möhnətdən sonra bir nemət daddırsaq, (qürrələnib) deyər: “Həqiqətən, çətinliklər məndən kənarlaşdı. Şübhəsiz, o, sevinib öyünəndir.” (11:10)
Dövran həmişə bir cür olmur. Rəvayətlərə əsasən zəmanənin iki üzü var: bəzən səninlədir, bəzən sənə qarşı.
Sənin xeyrinə olduqda qürrələnmə, zərərinə olduqda səbir et. Çünki hər iki halda ilahi sınaqdasan.”
Çətinlik və müşküllərdən sonra insana çatan nemətlər onu lovğalığa yox, şükrə sövq etməlidir. İki şey şadlığı təhlükəli
edir: yanlış təhlil və başqalarının təhqiri.
İnsan tutumsuzdur. Azca nemət əldə edən kimi qürrələnir. Quranın xüsusi bir vəzni və ahəngi var. Çətinliklər və
şadlıqlar ötəridir. İnsan düşünsə ki, bir daha çətinliklə üzləşməyəcək, səhv edir.
Elə düşünməyək ki, nemət əldə etməyimiz Allahın məhəbbətini göstərir. Deməyək ki, bir daha çətinliyə düşməyəcəyik.
Yanlış təhlil və baxış yanlış rəftara aparır. Özündə pislik görməyən insan qürrələnir. Bəzi insanların şəxsiyyəti kövrəkdir
və xarici hadisələrlə müəyyənləşir. Əslində isə daxili kamillik dəyərdir.
11.إِلاَّ الَّذِينَ صَبَرُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُوْلَـئِكَ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
“Yalnız səbir və saleh əməl sahibləri istisnadır (məhrumluqdan məyus olmur, nemət əldə edəndə qürrələnmirlər). Onlar üçün bağışlanma və böyük mükafat olacaq.” (11:11)
Quranın saleh əməllə bağlı bütün söhbətləri imanla şərtlənir. Bu ayədə də səbir əhlinin həqiqi möminlərdən olduğu
bildirilir. Tutumsuz müsahibləri nəzərə alaraq möminlər əvəzində səbirlər təbiri işlədilmişdir.
Səbir təkcə acı hadisələrə yox, rifah və şadlıq dönəminə də aiddir. Rifah içində yaşayan insan səbir etməsə, həddini
aşar. Necə ki, Bəni-İsrail Fironun əlindən qurtulduqdan sonra tüğyan etdi. Onlar Allahı yaddan çıxarıb buzovpərəstlik
ardınca getdilər, Harunun dəvətlərinə onu hədələməklə cavab verdilər.
Acı hadisələr və şirin dönəmlər zamanı səbir etmək saleh əməlin ən üstün nümunələrindəndir. Mömin nə məyus olur,
nə də küfr edir. O, şükür edən və səbirlidir.
Saleh əməl səbri möhkəmləndirir. Səbir və dözüm günahların bağışlanma vasitəsidir. Qarşıda bizi nə gözlədiyini bilsək,
səbir etmək şirin olar. Təhlükənin dəf olunması bağışlanmaya çatmaqdan mühümdür.
12.فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَى إِلَيْكَ وَضَآئِقٌ بِهِ صَدْرُكَ أَن يَقُولُواْ لَوْلاَ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَاء مَعَهُ مَلَكٌ إِنَّمَا أَنتَ نَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
“Bəlkə də sənə vəhy olanın bəzisini (xalqın qəbul etməməsi səbəbindən) tərk edəsən və “nə üçün ona bir xəzinə nazil olmadı və ya onunla bir mələk gəlmədi” dedikləri üçün ürəyin sıxıla. Sən yalnız xəbərdarlıq edənsən və Allah hər şeyə vəkildir.” (11:12)
Bəzən kafirlər Peyğəmbərdən (s) tələb edirdilər ki, Məkkə dağlarını möcüzə ilə qızıla çevirsin. Ya da onun təsdiqi üçün
mələk gəlməsini istəyirdilər. Bəziləri də qəlblərindəki kin-küdurət səbəbindən Həzrət Əli (ə) ilə bağlı Peyğəmbər (s)
buyruqlarını qəbul etmək istəmirdilər. Bu səbəbdən də Peyğəmbərin (s) qəlbi sıxılırdı. Beləcə, ilahi göstərişlərin bəyanı
təxirə salınırdı. Amma bu təxir Peyğəmbərin (s) paklığına zidd deyildi. Bəzən ilahi göstəriş ilahi məsləhətə xatir dərhal
bəyan olunmaya bilər. Amma bu ayə vasitəsi ilə bütün mülahizələr kənara qoyuldu və ayə qətiyyətlə elan olundu.
Ola bilsin ki, vəhyin bəyan olunmasının tərki yalnız hidayətinə ümid bəslənilməyən inadkar fərdlərə aid idi. Amma Allah-
təala göstəriş verdi ki, onlar iman gətirməsələr də, Peyğəmbər (s) öz vəzifəsini tərk etməsin.
Ayə başqa cür də mənalandırıla bilər: kafirlər o qədər biganə idilər ki, sanki onlara vəhy oxunmamışdı. Beləcə,
Peyğəmbərin (s) qəlbini sıxan bəzi ayələrin bəyanının tərki fikri ola bilər.
Təbliğatçı Allah kəlamının bəyanında qətiyyətli olmalıdır.
Xalqın bəhanələri heç bir vəchlə nəzərə alına bilməz. Dəvət zamanı “sən beləsən” əvəzinə “məbada belə olasan”
təbirini işlədək.
Kafirlər fiziki əziyyətlərdən əlavə, müxtəlif bəhanələri ilə Peyğəmbəri (s) sıxıntıda saxlayırdılar. Xalqın ağlı onun
gözündədir. Onlar risaləti yalnız var-dövlətlə birlikdə qəbul edirlər. Biz nəticəyə yox, vəzifəmizi yerinə yetirməyə
zaminik. Sən vəzifənə əməl et, qalan işləri Allahın öhdəsinə burax.
Təbliğatçının vəzifəsi məcburiyyət yox, xəbərdarlıqdır. Möcüzələrin gerçəkləşməsi xalqın istəyi, Allahın işidir.
IRIB
Şərhi əlavə etmək