Zühurun İntizarında
Zühurun İntizarında
Şəban ayının 15-i İmam Zaman(ə)-ın və bəşəriyyətin xilaskarının anadan olmasının ildönümü günüdür. O həzrətin səadətli təvəllüdünün ildönümü günündə intizarda olanlar müqəddəs məkanlarla yanaşı küçələr və xiyabanları da bəzəyir və o həzrətin zühurunun tezləşməsi üçün dua edirlər.
15 Şəban İmam Zaman(ə)-ın təvəllüdünün ildönümü günü olması ilə yanaşı Ulu Tanrıya dua etmək və İlahi bərəkətlərdən faydalanmaq üçün də münasib fürsət hesab olunur.
15 Şəban o qədər böyük əhəmiyyətə malikdir ki, Qədr gecələrinə bərabərlik edir və bu fürsətdən istifadə edərək, Ramazan ayında Qədr gecələrində olduğu kimi, xeyr və bərəkət əldə etmək, mənəvi feyzə nail olmaq olar.
Xilaskarın İntizarında
Şiə təfəkküründə vəd olunmuş xilaskarın intizarında olmaq əqidə baxımından əsas prinsiplərdən biridir. Bir çox rəvayətlərdə bu məsələyə, intizara, ciddi təkidlər var.
İslam Peyğəmbərindən belə rəvayət olunur : “İbadətlərin ən üstün olanı xilaskarın intizarında olmaqdır və mənim ümmətimin ən üstün cihadı xilaskarın intizarında olmaqdır”.
İmam Zaman ilə mənəvi bağlılığı qorumaq və o həzrət ilə əhdi-peymanı həmişəlik olaraq təzələmək hər bir şiə üçün vacib olan əməllərdəndir.
Rəvayətlərə görə şiənin əsas vəzifələrindən biri də həmişə İmama kömək etməyə hazır olmaqdır.
Qeybət dövründə İslamın hökmləri öz qüvvəsində qalmaqdadır və İmamın gəlişinə kimi İslamın bizdən istədiklərinə əməl etməliyik. Hicri qəməri tarixi ilə 260-cı ildən 329-cu ilə kimi davam edən 69 illik kiçik qeybət dövründə İmamın xüsusi naibləri olaraq 4 görkəmli şəxsiyyət o həzrət ilə insanlar arasında vasitəçilik edib.
Onlar alimlər və şiələrin tanınmış simalarının suallarını o həzrətin diqqətinə çatdırır və vasitəçilik edirdilər.
Kiçik qeybət dövrünün başa çatması və böyük qeybət dövrünün başlanması ilə artıq nümayəndə olaraq kimsə təyin edilmədi. İnsanlar öz suallarına cavab tapmaq üçün fəqihlərə müraciət etməli oldular. O zamandan bəri fəqihlər İmamın naibləri rolunu oynamaq və qeybət dövründə şiələri istiqamətləndirmək rolunu öz üzərilərinə götürüblər.
Buna görə də İmam Zamanın intizarında olan hər bir kəs öz dini vəzifələrinə fəqihlər və müctəhidlərin göstərişi əsasında əməl etməlidir.
İntizarda olanların əsas vəzifələrindən biri onun zühurunun tezləşməsinə dua etməkdir. İmam Zaman İshaq ibn Yaquba ünvanlanmış məktubda buyurur: Zühurun tezləşməsi üçün çox dua edin ki, sizin nicatınız ondadır.
Vəd olunmuş xilaskarın intizarında olmaq Qeybət dövrünün çətinlikləri və problemləri qarşısında müqavimət göstərmək və dözümlülük nümayiş etdirmək üçün başlıca amillərdən sayılır. Yalnız o zaman intizarın mənasını düzgün dərk etmiş ola bilərik ki, şiə məzhəbində vəd olunmuş xilaskarı yalnız dünyanın sonunda zühur edərək, dünyanı zülmdən xilas edib, ədalətlə dolduracaq üstün bir şəxs kimi qələmə verməklə kifayətlənməyək. Şiə məzhəbində vəd olunmuş şəxs əslində peyğəmbərlər və ilahi irsin varisləri sayılan şəxslərin yolunun davamçısı və bir sözlə Allahın yer üzündəki höccəti kimi tanınır. Şiələrin etiqadına görə, insanların düzgün yola istiqamətləndirilməsi üçün Allahın yer üzündəki höccəti insanların ona müraciət etməklə doğru yola qayıtmaları üçün bir amil hesab olunur.
IRIB
Şərhi əlavə etmək