İSLAMIN ILKIN ILLƏRI (17)

İSLAMIN ILKIN ILLƏRI (17)

 

ƏBU BƏKRIN ÇIXIŞINDAN QABAQ BAŞ VERMIŞ BƏHSLƏR

Səqifədə ilk çıxış edən Sə`d ibn Ubadə oldu. O dedi: “Ey ənsar! Sizin keçmişiniz və fəzilətiniz heç bir ərəbdə yoxdur. Mühəmməd (s) öz qohum və qəbiləsini on il müddətində Allaha itaət etməyə çağırdı. Lakin o uzun müddətdə çox az adam ona tərəf gəldi. Onlar bu müddət ərzində ona kömək edə bilməyib dininə izzət verə bilmədilər. Nəhayət, Pərvərdigar bu fəziləti sizə nəsib etdi...

O və onun tərəfdarlarından olan düşmənləri siz dəf edərək dinə izzət verdiniz. Düşmənləri ilə döyüşüb onlara çətinlik yaratdınız. Axırda ərəblər istər-istəməz Allahın qarşısında boyun əyməli və zəlil halda, Onun rəhbərliyini qəbul etməli oldu. Beləliklə, ərəblər sizin qılınclarınızın sayəsində islama yaxınlaşdı. Allahın Rəsulunu Öz yanına çağırdığı zaman o həzrət sizdən razı idi. Siz onun gözünün nuru idiniz. Belə isə, bu işdən geri çəkilməyin, çünki rəhbərlik təkcə sizə məxsusdur.

Ənsar hamı bir ağızdan: “Bu, düzgün qərardır. Bütün möminlərin istədiyi və razı olduğu adam olduğun üçün bu işi sənə həvalə edirik.”[1]

Sə`din çıxışı əsnasında üç köhnə dost Səqifəyə yetişdilər. Ömər, Sə`din şəxsiyyətini kiçildəcək təhqirlə dedi:من هذا؟ (Bu kimdir?)

Təkcə Ömər deyil, Mədinənin bütün kişi və qadınları Sə`d ibn Ubadəni tanıyırdı. Ancaq bu sual onu, tanınmayan bir şəxsiyyət və e`tibarsız bir adam kimi göstərirdi. ənsardan biri onu tanıtdırmaqla yanaşı o üç nəfəri muhacir adlandırmadan dedi: Biz Peyğəmbərin (s) yoldaşları, onun yolunda candan keçənlərik.

Siz qureyşsə, Peyğəmbərin o yolaşlarısız ki, yavaş-yavaş bizim diyarımıza gəlmisiniz, sanki indi də haqqımızı qəsb etmək istəyirsiz.

İbn Kəsir yazır: O yığıncaqda Ömər və Əbu Bəkr hər hansı biri tərəfindən baş verə biləcək qarışıqlığın qarşısını almaq üçün bir-birinin rəftarını nəzarət altında saxlamışdılar.[2]

O, zamanın hökmü təkcə yumşaq rəftar və siyasətdən ibarət idi.

Ömər deyir: Mən özümü çıxış etməyə hazır etmişdim və sözü ələ almaq istəyirdim ki, Əbu Bəkr dedi: Sakit dur, indi heç nə demə! Daha sonra özü sözə başladı və mənim demək istədiyimdən daha yaxşısını o dedi.[3]

ƏBU BƏKRIN ÇIXIŞI

Hər hansı bir mühəqqiq Əbu Bəkrin həyatı zamanı şəxsiyyətini, zirəkliyini, siyasətini və qızıl fürsətdən istfadə etmək bacarığını araşdırmaq istərsə, onun Səqifədə olan çıxışınıdan nümunə olaraq istifadə edə bilər.

Onun bu çıxışı qabaqcadan hazırlanmamış olarsa, onda gərək bu onun ən böyük məharətindən hesab edilsin. Ərəbin dörd siyasətçisi və başabilənlərindən biri sayılan Muğəyrət ibn Şöbə, Əbubək və Əbu Ubeydə Cərrah haqqında belə deyir: Bu iki nəfər Qureyşin zirək və ağıllı adamlarındandır.[4] Onun məharəti çox qısa bir zamanda işlətdiyi tapdığı kəlmələrdə idi. O, hardan başlayıb harada qurtarmağını yaxşı bilirdi. Onun təkcə cümlələri deyil, hər bir kəlməsi də ölçülüb-biçilmişdi. Səqifədə olan çıxışının mühüm hissəsi bundan ibarət idi:

Allah Peyğəmbərini bizim aramızdan seçdi... Ərəblərə öz dinini (bütpərəstliyi) tərk etmək çətin idi. Allah islamın ilk mühacirlərinə Ona iman gətirib köməkçi olmaları ərəblərin əzab-əziyyətini uzaqlaşdırmaq iftixarını verdi. Ərəb onu yalançı adlandırdı, lakin ilk mühacirlər onunla birlikdə dözümlülük göstərib, az saylarına baxmayaraq düşmənin çoxluğu qarşısında qorxuya yol vermədilər. Beləliklə, onlar Allaha birinci iman gətirib yer üzündə ilk ibadət edənlər, Peyğəmbərin dostları və qohumlarıdırlar. Onlar xilafətə daha layiqdirlər. Bu məsələdə zalımlardan başqa heç kəs onlarla mübahisə edə bilməz.

Ey ənsar camaatı! Heç kəs sizin dində olan fəzilətnizi və islamda olan keçmişinizi inkar etmir.Allah sizi Öz Peyğəmbərinin köməkçiləri qərar verib, onu sizin diyarınıza hicrət etməyə çağırdı. Beləliklə, ilk mühacirlərdən savayı heç kəs sizin rütbənizə çata bilməz. Belə olduqda başçılıq bizə, vəzir olmaqsa sizə düşür. Məşvərət zamanı sizin mühacirlərdən heç bir fərqiniz yoxdur. Sizlə məşvərət olmadan heç bir iş görülməyəcəkdir.[5]

Ərəblər Qureyşdən olan bu qrupdan savayı heç kəsi xilafətə layiq bilmir. Onlar (ilk mühacirlər) nəsil və doğulduğları yer (Məkkə) baxımından ən şərafətli insanlardır.[6] Sizlərdən bir dəstəniz yaxşı bilir ki, Peyğəmbər buyurmuşdur: Başçılar Qureyşdəndir. Beləliklə, Allahın qardaşlarınız mühacirlərə lütf etdiyi şey haqqında onlarla rəqabət etməyin![7]

Siz Allahın kitabında qardaşlarımız, dinində şəriklərimizsiz. Çətinliklərdə və zərərdə bizimlə olmusunuz. And olsun Allaha, elə bir yaxşılıq mərtəbəsinə çatmadıq ki, siz bizimlə olmayasınız. Siz bizim üçün ən hörmətli, Allahın qəzasına razı olan ən layiqli adamlar olub Onun əmrinə təslim olanlarsınız. Sizinlə mühacir qardaşlarınız arasında irəli gələn mənsəb məsələsində mühacirlər daha layiqlidirlər. İndi onlara həsəd aparmayın. Siz özünüzün ehtiyacınız olduğu zaman onları özünüzdən üstün bilmisiniz, and olsun Allaha, həmişə onları özünüzdən üstün bilməlisizniz! Siz bu işə daha layiqlisiz. Bu işdə ixtilaf sala biləcək adam sizlərsiniz və mümkün deyil ki, sizlərdən bir nəfər Allahın qarşıya çıxardığı bir işdə öz mühacir qardaşına paxıllıq, həsəd etmiş olsun. Mən sizi Əbu Ubeydə, yaxud Ömərlə beyət etməyə dəvət edirəm və bu iki nəfərin xilafətinə razıyam. Bu iki nəfər bu məqama layiqdirlər.[8]

ƏBU BƏKRIN ÇIXIŞNDA OLAN MƏQAMLAR

1) O, ən yumşaq yolla ənsarın cuşa gəlmiş hisslərini ram edərək özü ilə həmrəy etdi və ənsarda elə təsəvvür yaratdı ki, sanki çıxış edən mühacirlərin deyil, onların nümayəndəsidir.

2) Məharətlə bəhsə daxil olması onu bitərəf hakim kimi göstərirdi. Sanki çıxışından yeganə hədəfi aranı sakitləşdirməkdən savayı başqa heç bir şey deyildi. O, özünün ənsarla müqayisədə daha böyük olmasını və sanki iki dəstə arasında ədalətlə hökm edəcəyini göstərdi.[9]

3) Çəkdikləri zəhmətləri ən yaxşı sözlərlə tərifləyərək, onlara başa saldı ki, malik olduqları fəzilətləri onlara heç bir siyasi və ictimai üstünlük vermir.

Ənsar özünü Peyğəmbərin ilk yardımçısı bilsə də, Əbu Bəkr onların köməyini inkar etmədən onları başa saldı ki, Peyğəmbərin ilk yardımçısı ənsar deyil, mühacirlər olmuşdur. Belə ki, onlar Mədinə əhlindən neçə il qabaq Peyğəmbərə (s) iman gətirərək şirk məmləkətində onun yardımçısı olmuş və müxtəlif işkəncələrə dözmüşdülər.[10]

Bunu əsas tutaraq onlara demişdiفليس بعد المهاجرين الاولين عندنا بمنزلتكم : “İlk mühacirlərdən savayı heç kəs sizin rütbənizə çata bilməz.” Bu sözlə onları yerdə qalan mühacirlərlə bərabər tutdu və bununla subt etdi ki, ilk mühacirlər olduğu yerdə qalan heç bir dəstənin xilafətə ləyaqəti yoxdur.

4)İlk mühacirlərin rütbəsi yuxarı olduğuna görə rəhbərlik onların, Peyğəmbər və onun ilk ardıcıllarına yardım göstərdiklərinə görəsə vəzirlik ənsarın olmalıdır.Vəzirlik və məşvərətdə digər mühacirlərlə eyni rütbədə olacaqlar.[11]

5)Əbu Bəkrin ənsarı tərifləməsi, onların islam və Peyğəmbərə etdiyi köməklərini dərk etməsinə etirafı, ənsarı, mühacirlər iş başına gəldikləri zaman heç bir haqlarının tapdalanmayacağına və vəzirliyin onlara veriləcəyinə arxayın etdi. Bu azmış kimi, heç bir iş onların razılığı olmadan həyata keçməyəcəkdi.

Baxmayaraq ki, tarix Əbu Bəkr tərəfindən verilmiş bu və`dənin xalis olmamasını göstərmiş, təkcə ənsarı aram etmək üçün təsirli olmasını bildirmişdir.

6) Əbu Bəkr öz tərifləri ilə ənsarın razılıq hislərini təhrik etmiş, ağıllarını özü ilə həmfikir edincəyə qədər ram edə bilmişdi. Əbu Bəkr onlara dede: Biz yaxşılıqlarda yetişdiyimiz hər bir mərhələ və məqamada bizlə şərik və bir rütbədəsiz. Siz bizim üçün ən hörmətli, Allahın qəzasına razı olan ən layiqli adamlar olub Onun əmrinə təslim olanlarsınız.

Özündə təşəkkür xarakteri daşayan bu cümlələr sərin su kimi onların qəlbində təsir qoydu və onları təslim olaraq razılaşmağa məcbur etdi. Rəqibin onların haqqında etiraf etdiyi bu qədər tərifdən sonra bu üstünlüyü əldən vermək istəmədilər.

7) Əbu Bəkr söz arası ənsarın xüsüsiyyətləri arasında onların güzəştə getmək ruhiyyəsinə işarə edərək dedi: “Siz özünüzün ehtiyacınız olduğu zaman onları ( muhacirləri) özünüzdən üstün bilmisiniz. İndi isə xilafətə yetişmək naminə özünüzü onlardan üstün etmək istəyirsiz?! Belə olduqda başqaları “ənsar paxıllıq, həsəd üzündən özlərini daha ləyaqətli insanlara rəhbər etdilər” deyəcəklər.”

8) Əbu Bəkr çıxışının sonunda onları qorxudaraq camaatın arasında ixtilaf və dava baş verərsə müqəssir olacaqlarını açıqladı. Çünkü hal-hazırda mühacirlərin fəzilətini inkar etməklə ixtilaf toxumunu səpirsiniz.

9) Ömər ibn Xəttab və Əbu Ubeydənin Əbu Bəkr tərəfindən təklif olunması onu, özünün xilafətə yetişmək istəməsə ittihamından saxladı. Digər bir tərəfdən hər ikisinin səlahiyyətli olmasını təzmin etməsi orada olanlara tez bir zamanda birinin digərindən üstün olmasını ayırd etmək fürsəti vermədi. Əbu Bəkrin bu zirəkliyini görən Ömər, vəziyyətin özü üçün o qədər də məsləhətə uyğun olmamasını görüb işi Əbu Bəkrin özünə qaytardı[12].

Əbu Übeydə yaxşı başa düşürdü ki, Əbu Bəkr və Ömər ibn Xəttab olduğu yerdə, heç kəs onun tərəfini saxlamayacaqdır. Odur ki, özü rəqibsiz iş başına gələ bilməyəcəyini görüb Ömərdən tərafdarlıq etməyə üstünlük verdi. O, belə etməklə Əbu Bəkr və Ömərin hökumətlərində yaxşı bir vəzifə ələ keçirə bilərdi. Elə sonradan da iş elə düşündüyü kimi oldu.[13]

10) Sonda ənsar sükuta vadar edən məsələ Allahın Rəsulunun (s) ənsardan canişin qoymaması iddiası oldu.

الائمة من قريش Məndən sonra rəhbərlərin hamısı qureyşdəndir.[14] Beləliklə ənsarın xilafətə gəlmək üçün atacağı hər hansı bir addım Allahın Rəsulunun əmri ilə müxalifət kimi qiymətlənəcəkdi.

Əbu Bəkrin sözləri camaatı bərk təsir altına aldığından, bir kəs etiraz etməyə cürət etmirdi. O, qısa cümlələrlə bütün sözləri demiş, ənsar üçün heç bir çıxış yolu qoymamışdı. Deməli, ənsarın mühacirlərin dövlətini qəbul etməkdən savayı heç bir çarəsi qalmamışdı. Əks təqdirdə həsəd və qüdrət eşqində olma kimi adlarla müttəhəm olunacaq və heç kəs də onlara himayə etməyəcəkdi.

Belə nəzərə gəlir ki, Əbu Bəkr ənsarın vəziyyətinin, hücumdan qabaq olan müdafiə kimi olmasını, qabaqcadan düşünmüşdü. Onlar uca məqamlı mühacirlərin olduğu yerdə hakimiyyətə gələ biləcəklərinə o qədər də ümüdvar deyildilər. Elə bu baxımdan da Səqifə yığıncağına çox inamla yanaşmır, lakin az da olsa, öz qüdrətlərini rəqibə göstərmək istəyir, qüdrət onların əlində olduqda müəyyən qədər hüquqlarını qorumaq istəyirdilər. Digər tərəfdən, bu yığıncaqla ümumun nəzərində ənsarın hökumətinin qəbul olunmasına qiymət verilirdi.

 




[1] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 328, “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.

[2] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 235, “Əl-bidayətu və Əl-nihayə” 5-ci cild, səh. 246.

[3] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 242, “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 327.

[4] “Təhzibül-kamal”, 9-cu cild, səh. 364.

[5] “Əl-kamilu fit-tarix”, 2-ci cild, səh. 329, “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh. 220.

[6] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 243.

[7] “Ənsabul əşraf” 1-ci cild, səh. 582.

[8] “Əl-imamətü və əl-siyasətu” 1-ci cild, səh. 6, “Tarixül-üməmi vəl-müluk”, 36-cü cild, səh. 218, “Səhihi-Buxari” 5-ci cild, səh. 8.

[9] “Əsrari-Səqifə”, səh. 192.

[10] Bu yolla Əbu Bəkrin dəstələrə böldüyü insanlar belədir:  1)Peyğəmbər (s) və ilk iman gətirmiş mühacirlər. 2)Məkkədə iman gətirib, Peyğəmbərin hicrətindən sonra tədricən Mədinəyə hicrət edənlər. 3)Mədinədə yaşayıb iman gətirənlər.

[11] Əbu Bəkr öz sözündə mühacirlərin adı və onların fəziləti ənsardan qabaq qeyd olmuş bu ayəyəni əsasgötürürdü:

و السابقون الاولون من المهاجرين والانصاروالذين اتبعوهم باحسان رضي الله عنهم و رضوا عنه و اعدّ لهم جنّات تجرى تحتها الانهار خالدين فيها ابداً ذالك الفوز العظيم (توبة 100) (“Toвbə” surəsi, ayə: 100).

[12] Ömər Əbu Bəkrin bu zirəkliyindən təəssüf hissi keçirməsini heç vaxt gizlətmirdi. Əvvəlki sözləşmələrinə əsasən Ömər ilk çıxış etməli və xilafətə namizəd olmalıydı. Halbuki Əbu Bəkr ona “Sən heç nə danışma, mən özüm başlayacağam (və yolu sənin üçün rahatlayacaq bundan sonra sözü ələ alacaqsan” demişdi. (“Əs-surətun-Nəbəviyyə”, (tərcüməsi ) 2-ci cild, səh. 431) Sözünün davamında “xilafət ilk olaraq mühacirlərin haqqıdır” deməsilə öz mövqesini möhkəmlətmiş, Ömərin mövqesinisə süstləşdirmişdi.

[13] Əbu Bəkr və Ömərin hökuməti zamanı (hicrətin on səkkizinci ilinə qədər) rəhbərlik və qəzavət işlərindən sonra ən mühüm vəzifə olan dövlətin iqtisadi və maliyyə işlərinə başçılıq etmişdi.

[14] Bu hədisin mötəbər olması tezliklə araşdırılacaqdır.

*O, iki nəfər əmi oğlu olmuşdur. Bəşir (Nöman ibn Bəşirin atası) ikinci əqəbə beyətinin iştirakçılarından olmuş və bir çox döyüşlərdə iştirak ettmiş, hicrətin yeddinci ilində iki “səriyyənin” başçısı olmuşdur. (“Əl-istiyab” 1-ci cild, səh. 155, “Ət-təbəqatul-kubra”, 3-cü cild, səh. 531) Həbbab ibn Munzər Bədr müharibəsində iştirak etmiş və Xəzrəcin bayraqdarı olmuş, Peyğəmbərin (s) zamanında baş vermiş müharibələrdə iştirak etmiş вә Ömərin xilafəti zamanı dünyadan getmişdir. (“Ət-təbəqatul-kubra”, 3-cü cild, səh. 576, “Usdul ğabə” 1-ci cild, səh. 364 , “Əl-istiyab” 1-ci cild, səh. 353, “Əl-isabə” 1-ci cild, səh. 302).

Şərhi əlavə etmək