HƏZRƏT MÜSLIM KIM IDI?

HƏZRƏT MÜSLIM KIM IDI?

Sual

Həzrət Müslim kim idi?

Qısa cavab

Əqilin oğlu Müslim üç imamla müasir olmuşdur: İmam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam). Üçüncü imamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, kufəlilərin vəfasızlıqları ilə qarşılaşdı və İbni Ziyadın əsgərləri ilə tək-tənha halda mübarizə apardı. Çoxlu fədakarlıq və rəşadət göstərdikdən sonra onu tutub İbni Ziyadın yanına gətirdilər. O məlun göstəriş verdi ki, Müslimi qəsrinin başına çıxartsalar və orada boynunu vursunlar. Bu göstəriş icra olundu və Müslim şəhadət məqamına çatdı. Onun Kufə şəhərində yerləşən şərif qəbri Əhli-beyti sevənlərin ziyarətgahıdır.

Ətreaflı cavab

Müslim – Əqilin ən kamallı övladı, Əqil də imam Əli (əleyhis-salam)-ın qardaşı və Əbu Talibin ikinci övladı idi.[1] Buna görə də bir vasitə ilə Əbu Talibin özü və həyat yoldaşı Fatimə binti Əsədin təlim-tərbiyəsindən bəhrələnmişdi. Onun əziz anası Xəlilə (və ya Həlilə) adlı bir kəniz idi (Əqil onu Şamdan almışdı).[2] Onun arvadı Rüqəyyə də Əli (əleyhis-salam)-ın qızı idi.[3] Buna görə də o cənab, Əli (əleyhis-salam)-ın kürəkəni olmaq iftixarına nail olmuşdu.

O, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-i görməsə də, şəhid olduğu zaman (hicrətin 60-cı ilində) qırxdan çox yaşı yox idi. Çünki Peyğəmbərin rehlətindən altmışıncı hicri qəməri ilinə qədər əlli il keşmişdi.[4] Buna əsasən, o, Peyğəmbərin vəfatından on il sonra dünyaya gəlmişdir.

Onun övladları aşağıdakılardır:

1 və 2. Rüqəyyədən dünyaya gələn Əbdüllah və Əli;

3. Anası Bəni-Amir qəbiləsindən olan Müslim ibni Müslim;

4. Anası kəniz olan Əbdüllah;

5. Məhəmməd;

6. İbrahim Məhəmməd

Onun oğlanlarının hamısı Kərbəlada şəhid oldu. Məhəmməd və İbrahim isə tutulub  bir il həbs edildi, bir müddətdən sonra qaçdılar və qısa müddətdən sonra yenidən tutularaq Haris ibni Ziyad adlı bir zalımın vasitəsi ilə (həddi-buluğa çatmadıqları halda) şəhid edildilər.[5] Buna görə də həzrət Müslimin nəslindən heç kəs sağ qalmadı.[6]

Müslim üç imamla müasir olmuşdur:

1. İmam Əli (əleyhis-salam)-ın dövründə.

Bu dövrdə o, imam Əli (əleyhis-salam)-ın kürəkəni olmaq iftixarına nail olmuş və onun Rüqəyyə adlı qızı ilə evlənmişdi. Bununla da ələvi mühitində tərbiyəyə daha yaxınlaşmışdır.

Tarixçilərin nəqlinə əsasən o, Əli (əleyhis-salam)-ın xilafəti dövründə (36-40-cı hici illərdə) o həzrətin tərəfindən orduda bəzi hərbi vəzifələri və məsuliyyətləri öhdəsinə almışdı. Məsələn, Siffeyn müharibəsində Əli (əleyhis-salam) öz ordusunu müharibəyə hazırlayan zaman imam Həsən, imam Hüseyn (əleyhiməs-salam), Əbdüllah ibni Cəfər və Müslim ibni Əqili öz ordusunun sağ cinahına təyin etmişdi.[7]

2. İmam Həsən (əleyhis-salam)-ın dövründə.

O cənab bu dövrdə də haqq yolda idi, imam Həsən (əleyhis-salam)-ın ən vəfalı köməkçilərindən və xüsusi səhabələrindən hesab olunurdu. [8]

3. İmam Hüseyn (əleyhis-salam)-ın dövründə.

Müslim ibni Əqil heç vaxt imama məhəbbət və onu himayə etməkdən əl çəkmədi və Kərbəla hadisəsində “ilk şəhid” iftixarına nail oldu. O, imam Hüseyn karvanının ilk şəhidi sayılır. Özünün səkkiz qardaşı ilə bilikdə canını imam Hüseyn (əleyhis-salam)-a fəda etmişdir.[9]

 

Şəhadəti

İmam Hüseyn (əleyhis-salam) Aşura hərəkatında ilk tədbir ünvanı ilə Müslimi Kufəyə göndərdi. O, əvvəlcə Məkkədən Mədinəyə, oradan da İraqa gələrək Kufədə Muxtarın evində qaldı. Onun Kufəyə gəlişindən 35 gün keçəndə (60-cı hicri il şəvval ayının 5-də) təqribən 18 min nəfər onunla beyət etdi. Amma Kufənin hakimi işdən götürüldü və onun yerinə Übeydullah ibni Ziyad (lənətullahi əlehy) təyin olundu.

Übeydullah camaatı qorxutmaqla, bəzilərinə rüşvət verməklə qəbilə rəislərini o cənabdan uzaqlaşdırdı. Müslim yalqız qaldığı zaman Übeydullah onu tutmaq üçün bir qoşun göndərdi. Həmin vaxt Müslim Töv’ə adlı bir qadının evinə sığınmışdır. İbni Ziyadın əsgərlərinin səsini eşitdikdə döyüşə hazırlaşdı. Döyüşdə düşmən qüvvələrinə ağır zərbələr endirdi, bu zaman onlar məkr işlətdilər. Müslim mübarizəni davam etdirməyə taqəti olmadığı dövrdə məcburiyyət üzündən təslim oldu.

Onu Übeydullahın yanına gətirdilər, onların arasında baş verən sərt danışıqlardan sonra Übeydullah göstəriş verdi ki, onu darul-imarənin üstünə aparsınlar. Müslimin əli ilə yaranmış olan bir şəxs onun boynunu vurdu və İbni Ziyadın fərmanını icra etdi.[10]

Həzrət Müslimin fəzilətləri

a) Ailə mühiti baxımından

Qeyd etdiyimiz kimi, o, Əbu Talib kimi böyük şəxsiyyətin tərbiyə etdiyi bir şəxsin – Əqilin oğlu idi və Əli (əleyhis-salam)-a kürəkən olmaq iftixarına nail olmuşdu. İnsanın düzgün tərbiyəsində və ruhunun tərəqqisində bu iki məsələnin təsiri inkar olunmazdır.

b) Məsumların kəlamında Müslim

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Əli (əleyhis-salam)-a buyururdu: “Onun (Əqilin) oğlu sənin övladına (Hüseynə) məhəbbət yolunda şəhid olacaqdır. Möminlərin gözü ona yaş axıdacaq və müqərrəb mələklər ona salam göndərəcəklər.”[11]

İmam Hüseyn (əleyhis-salam) kufəlilərə məktubda yazmışdı:

 قَدْ بَعَثْتُ اِلَيْکُمْ اَخِي وَ ابْنَ عَمِّي وَ ثِقَتِي مِنْ اَهْلِ بَيْتِي

“Qardaşım, əmi oğlum və Əhli-beytimin etimad etdiyi bir şəxsi sizə doğru göndərirəm.”[12]

Bu məsum imamın kəlamında həzrət Müslim üçün böyük iftixarlar mövcuddur, o cümlədən:

1. Qardaş. İmam (əleyhis-salam) onu öz qardaşı hesab edir, halbuki onun nəsəb qardaşı deyildi. Amma o qədər vəfalı idi ki, imam Hüseynə qardaş olmaq ləqəbini kəsb etmişdi.

2. Etimadlı adam. Əgər imam (əleyhis-salam) Müslimin haqqında təkcə bu cümləni buyurmuş olsaydı, onun fəzilətinin isbatında kafi olardı.

3. Mənim Əhli-beytimdən olan... Bu söz eynilə Peyğəmbərin Salman Farsi barəsində dediyi kəlam kimidir.

v) Həzrət Müslimin ziyarətnaməsi

Həzrət Müslim ibni Əqilin ziyarətnaməsində onun bir çox fəzilətlərinə işarə edilmişdir ki, onun ən mühümü ən aşağıdakı cümlədir:

اَلسَّلاَمُ عَلَيْکَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ الْمُطِيعُ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِاَمِيرِ الْمُؤْمِنِينَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ عَلَيْهِمُ السَّلاَمُ

“Salam olsun sənə, ey Allaha müti olan saleh bəndə! Ey Onun Peyğəmbərinə, Əmirəl-mömininə, Həsənlə Hüseynə müti olan bəndə!”[13]

Pərvərdigara! Onun ruhunu məsumların ruhları ilə birlikdə məhşur et və davamçılarını artır!

Mənbə: İslamkuest saytı


[1] Bilazəri, Əhməd ibni Yəhya, “Ənsabul-əşraf”, 2-ci cild, səh. 77

[2] Fazil, Cavad, “Ali Əbi Talibin həyatı” – “Məqatilut-talibiyyin” kitabının tərcüməsi, 2-ci cild, səh. 119

[3] Əbul-Fərəc İsfahani, “Məqatilult-talibiyyin”, səh. 86, tərcüməsi: 1-ci cild, səh. 119

[4] Cəfəriyan, Rəsul, “Aşura qiyamında mülahizələr”, səh. 164

[5] Bilazəri, Əhməd ibni Yəhya, “Ənsabul-əşraf”, 2-ci cild, səh. 71 (O, Məhəmmədin anasının adını qeyd etməmiş, onun qardaşı İbrahimin adını çəkməmişdir. Halbuki, Məhəmmədin İbrahimlə birlikdə şəhid olması məşhurdur); Nəcəfi, Məhəmməd Cavad, “İmam Hüseyn (əleyhis-salam)-ın həyatı”, səh. 131

[6] Əbul-Fərəc İsfahani, “Məqatulut-talibiyyin”, səh. 86; “Əbu Talibin övladları”, 1-ci cild, səh. 119

[7] Hövzənin saytı, İbni Əsirin “Kamil” kitabından nəqlən

[8] Yenə orada

[9] “Məqatilut-talibiyyin”, Rəsulinin tərcüməsi

[10] Cəfəriyan, Rəsul, “Aşura qiyamında mülahizələr”, səh. 165-171-dən iqtibas

[11] Hövzənin saytı

[12] Dinəvəri, “Əl-imamətu vəs-siyasət”, 2-ci cild, səh. 8

[13] Qummi, Şeyx Abbas, “Məfatihul-cinan”, səh 402

 

 

 

Şərhi əlavə etmək