YEZID, İMAM HÜSEYNI ŞƏHID ETDIKDƏN SONRA TÖVBƏ ETDIMI?
Sual:
Yezid, İmam Hüseyni şəhid etdikdən sonra tövbə etdimi?
Cavab:
Bu sualın mənşəyi bəzi azsaylı kitablarda yazılmış bir sıra mətləblərlə sıx bağlıdır. Bu kitablarda "Aşura müsibətindən sonra Yezidin İmam Hüseyni (ə) öldürməyə əmr etmədiyini, o Həzrətin (ə) şəhadətinə görə təəssüf hissi keçirib, ağlayaraq ibn Ziyadın özbaşınalıq etdiyini bildirərək, onu lənətləməsi" yazılmışdır. İndi isə bir neçə nöqtəyə diqqət edək:
1- Tarix boyu şahid olduğumuz bütün məşhur İslam alim və mütəfəkkirləri "İmam Hüseyni (ə) qətlə yetirməyin" Yezidin birbaşa öz əmri olduğunu və onun görünməmiş səbirsizliklə buna israr etdiyini yazmışlar.[1]
2- Yezidin, ibn Ziyadı Kufə şəhərinə vali təyin etməsi,[2] Hüseynlə (ə) bağlı bütün işlərdə birbaşa onun özü ilə məşvərət etməsinə dair göstərişi,[3] Mədinə valisi Vəlidə məktub yazaraq; "ya beyət al, ya da onu tez öldür!"- deyə tapşırıq verməsi,[4] Məkkədə belə onu terror etməyə çalışması,[5] İbn Ziyada, "Kərbəlada işi uzatma, onu öldür!" məzmunlu məktub yazması,[6] Şimr ibn Zilcövşəni oraya göndərməsi və sair işləri bu məsələnin əvvəlcədən Yezid tərəfindən planlaşdırıdığına danılmaz bir sübutdur.
İbn Abbasın Yezidin məktubuna yazdığı cavabda da, buna təkid olunub: "Elə bilirsən ki, sənin Hüseyni (ə) və Əbdülmüttəlib cavanlarını şəhid etdirdiyini unutmuşam?! Hər nəyi unutsam da, Hüseyni (ə) Peyğəmbərin (s) hərəmindən uzaqlaşdırdığını, Məkkəyə pənah aparmağa məcbur etdiyini, oradan da, hiylə və məkrlə Kufəyə tərəf səfər etməyə sövq etdiyini unutmamışam. Sonra isə "Mərcanənin oğlun"a (İbn Ziyada) dəfələrlə məktub yazaraq Hüseynlə müzakirəni uzatmamağa, onu tez öldürməyə əmr etdin. Elə buna görə də, ibn Ziyad Hüseyni (ə) və Əbdülmüttəlib cavanlarını öldürdü. Halbu ki, onlar Peyğəmbərin (s) pak Əhli- beyti (ə) olaraq, Allah tərəfindən hər cür çirkinlik və pislikdən uzaq olmuşlar".[7]
Unutmayaq ki, Abdullah ibn Ziyadın özü də bunu təsdiqləyirdi.[8]
Yezidin oğlu Müaviyə bu barədə deyir: "Atam, Peyğəmbərin (s) Əhli- beytini (ə) şəhid etdi, onlara ehtiramsızlıq göstərdi..."[9]
3- İmam Hüseynin (ə) kəsilmiş başını Yezidə verdikdə, o şadlıq edərək, bu işin şərəfinə böyük bir ziyafət təşkil verdi. Orada İmamın başını ortaya qoyaraq, əlindəki dəmir çubuqla onun mübarək dodaqlarına vuraraq, istehzalı şəkildə şerlər oxuyub, babalarının qisasını aldığını söyləyirdi.[10] O, İmam Hüseynin (ə) başını üç gün dar ağacında saxladı.[11]
4- Yezid necə tövbə edə bilər ki, heç vaxt İmam Hüseyni (ə) öldürdüyü üçün ibn Ziyadı cəzalandırmadı, əksinə ona yüksək bəxşişlər, ənamlar hədiyyə etdi.
Aşura müsibətindən sonra ibn Ziyad, Yezidin yanında daha da hörmətli və sevimli oldu. O, Yezidin şəxsi eyş- nuş və kef məclislərinin ən əziz qonağı sayıldı. Və Yezid ölənə qədər ibn Ziyad Kufə, Bəsrə valisi vəzifəsində qaldı.[12]
Təbəri və digər tarixçilər yazırlar: "Hüseynin (ə) başını Yezidin sarayına gətirdikdə, Yəhya ibn Həkəm iki beyt şer oxuyaraq ibn Ziyadı bu işinə görə tənqid etdi. Yezid əsəbiləşərək onun sinəsinə zərbə ilə bir yumruq vurub dedi: "Sakit ol! Onunla işin olmasın!"[13] O, hətta ibn Ziyada ibn Zübeyrin mədinədə ki, qiyamını yatırtmaq üçün ona kömək etməyə əmr etdi.[14] Tövbə etmək isə onun heç xəyalına gəlmirdi.
5- Əvvəldə söylədiyimiz kimi Yezid dinsiz və imansız şəxs idi. Onun qurduğu şərab məclisləri, ağılasığmaz əxlaqsız hərəkərləri və söylədiyi şerlər də, bunu yetirir.[15] İmam Hüseyni (ə) şəhid etdikdən sonra Məkkə üsyanını amansızca yatırması,[16] Mədinə əhalisini qətlə yetirmək, namuslarını üç gün öz əsgərlərinə halal etməsi[17] və bu kimi digər insanlıqdan uzaq hərəkətləri də buna sübutdur. Günahsız insanları qətlə yetirmək onun üçün sanki bir "əyləncə" xarakteri daşıyırdı. Təbiidir ki, daim eyş- işrətə məşğul olan Yezid tövbə haqqında fikirləşmək belə istəmirdi.
6- Yezidin zahirdə İmam Hüseynin şəhid olmasına təəssüflənməsi və ibn Ziyadı lənətləməsinin tək bir səbəbi vardır. Aşura hadisəsindən sonra Mədinə, Məkkə, Kufə, Bəsrə və hətta Şam şəhəri də. Yezidə nifrət etməyə başladı.[18]
Hər bir yerdə əzadarlıq mərasimləri quruldu. Hətta Yezidin öz sarayında belə ən yaxın adamları, həmçinin səhabələr və xarici səfirlər də, ona şiddətli şəkildə çəkinmədən, öz etirazlarını bildirdilər. Çoxsaylı saray adamları Yezidin qəzəbinə və sərvətinə azacıq da olsa belə etina etmədən, ondan üz çevirib getdilər.[19]
İmam Hüseynin (ə) oğlu İmam Səccad (ə) və bibisi zeynəbin (ə) ona baş əyməməsi, böyük cəsarət və şücaət göstərərək Yezidə etiraz etmələri, onun saxta qürurunu sındırdı. O, artıq rüsvay olduğunu anladı. Vəziyyətdən çıxış yolunu "siyasi qaçış" metodunu işə salmaqda gördü. "Mənim bu hadisədən xəbərim yoxdur, ibn Ziyad özbaşınalıq edib"- deyə, özünü təmizə çıxarmaq istədi. Amma onun bu hiyləsi də, baş tutmadı.
Doktor Taha Hüseyn (Misirli mütəfəkkir) yazır: "Bəzi şəxslər elə güman edirlər ki, Yezid İmam Hüseyni (ə) belə faciəli şəkildə şəhid etdikdən sonra peşman olaraq tövbə etdi. Və özünün belə fərman vermədiyini söyləyərək, ibn Ziyadın özbaşınalıq etdiyini, yalnız onun günahkar olduğunu demişdir. Maraqlıdır, əgər belədirsə, nə üçün Yezid azacıq da olsa ibn Ziyadı cəzalandırmadı? Nə üçün onu vali vəzifəsindən uzaqlaşdırmadı?"[20]
[1] - Təftazani, "Şərhi- əqaidi nəsfiyyə", 181; Cahiz, "Rasil", səh 298; Alusi, "Ruhül- məani", cild 26, səh 73; Şəbradi, "Əl- ithaf bi hubbil- əşraf", səh 62- 66.
[2] - Tarixi- Təbəri", cild 4, səh 258; İbn Əsir, "Kamil", cild 3, səh 268; İbn Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 164.
[3] - "Tarixi- Təbəri", cild 4, səh 254- 285; "Kamil", cild 3, səh 298.
[4] - "Tarixi- Yəqubi", cild 2, səh 241; "Əl- Fütuh", cild 5, səh 10- 11; "Tarixi- Təbəri", cild 4, səh 251; "Kamil", cild 3, səh 264; İbn Kəsir, "Əl- bidayə- vən- nihayə", cild 8, səh 157- 158; "Əl- ixbarut- təval", səh 228.
[5] - "Tarixi- Təbəri", cild 4, səh 289; "Kamil", cild 3, səh 276; "Lühuf". Səh 82.
[6] - Tarixi- Dəməşq", cild 14, səh 208 və cild 28, səh 19; "Əl- fütuh", cild 5, səh 89- və 135; "Tarixi- Yəqubi", cild 2, səh 242; "Məqtəl", cild 1, səh 140; "Əl- Əqdül- fərid", cild 5, səh 130; "Tarixül- xüləfa", səh 165.
[7] - "Tarixi- Yəqubi", cild 2, səh 249; "Kamil", cild 3, səh 318; İbn Cövzi, "Təzkirətül- xəvas", səh 275.
[8] - "Əl- fütuh", cild 5, səh 150; "Məqtəl", cild 1, səh 140, "Təcaribül- üməm", cild 2, səh 249.
[9] - "Tarixi- Yəqubi", cild 3, səh 254.
[10] - "Ər- rəddul- mütəssibul- ənid", səh 45; "Kamil", cild 3, səh 298; İbn Kəsir, "Əl- bidayə vən- nihayə", cild səh; "Əl- xütut", cild 2, səh 289; "Siyru əlamün- nübəla", cild 3, səh 319; Məsudi, "Mürucüz- zəhəb", cild 3, səh 77; İbn Cövzi, "Təzkirətül- xəvas", səh 260; "Əl- fütuh", cild 5, səh 324; "Tarixül- xüləfa", səh 208;"Tarixi- Təbəri", cild 4, səh 368.
[11] - İbn Kəsir, "Əl- bidayə vən- nəhayə", cild 8, səh 222.
[12] - "Kamil", cild 3, səh 219- 220 və 300; "Tarixi- Təbəri", cild 4 səh 288- 289; İbn Cövzi, "Təzkirətül- xəvasi", səh 238; "Tarixül- xüləfa", səh 208; İbn Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 209- 254; "Əl- fütuh", cild 5, səh 252; Məsudi, "Murucüz- zəhab", cild 3, səh 77.
[13] - Həmin mənbələr.
[14] - "Təcaribül- üməm", cild 2, səh 77.
[15] - Məsudi, "Murucuz- zəhəb", cild 3, səh 18 və 77; "Tarixi- Təbəri", cild 4, səh 366- 369; "Vəl- əməl fit- tarix", cild 4, səh 103- 104; "Məqtəl", cild 2, səh 58; ibn Cövzi, "Təzkirətül- xəvas", səh 216; ibn Kəsir, "Əl- bidayə vən- nihayə", cild 6, səh 233.
[16] - "Tarixi- Yəqubi, cild 2, səh 254; "Tarixül- xüləfa", səh 209; "Əxbari- Məkkə", cild 1. səh 202.
[17] - Məsudi, "Murucüz- zəhəb", cild 3, səh 79; "Tarixi- Təbəri", cild 4, səh 379- 372; "Kamil", cild 3, səh 310- 313; ibn Kəsir, "Əl- bidayə vən- nihayə", cild 8, səh 219- 221; "Əl- İmamə vəs- siyasə", cild 1, səh 216; "Tarixül- xüləfa", səh 209.
[18] - Tarixün- nihayə", səh 90 və 132. İbn Cövzi, "Təzkirətül- xəvas", səh 240; "Tarixi- Təbəri", cild 4, səh 356.
[19] - "Kamil", cild 3, səh 298.
[20] - "Əl- fitnətül- kəbir", cild 2, səh 265. s
Şərhi əlavə etmək